Cənub bölgəsində yerləşən və tarixi-arxeoloji əhəmiyyətə malik Şindan qalasında arxeoloji kəşfiyyat işlərinə başlanılıb.
Abidə Astara rayonunun Sım kəndindən təxminən 6–7 km cənub-qərbdə, Talış dağlarının yüksək zirvələrindən birində, İran sərhədinə yaxın ərazidə yerləşir. Aparılan ilkin vizual müşahidələr zamanı yerüstü böyük qala divarlarının aydın şəkildə görünmədiyi bildirilib, lakin sahədə yeni arxeoloji izlər qeydə alınıb.
Tədqiqatlar zamanı qalada təxminən 10 metr uzunluğunda təbii qaya mağarası (sığınacaq) müəyyən edilib. Sığınacağın üst və yan hissələrinin təbii qaya kütləsindən ibarət olduğu, daxili səthində qaya divarına xas nizamlı hörgünün olmadığı, girişinin isə təbii qayanın aşınması nəticəsində formalaşdığı müşahidə olunub.
Sığınacağın daxilində, qayaya yaxın sahədə təxminən 22 × 22 sm ölçülü bişmiş qırmızı kərpiclərdən ibarət divar qalıqları aşkarlanıb. Həmçinin ərazidə keramika fraqmentləri də tapılıb.
Quruluşun funksional təyinatı hələ tam müəyyən edilməyib; mövcud tapıntılar onun saxlanc yeri kimi istifadə olunması ehtimalını gündəmə gətirir. Keramika materialları ilkin olaraq orta əsrlərə aid edilirsə də, onların dəqiq xronoloji mənsubiyyəti üçün əlavə tipoloji və laborator tədqiqatlar tələb olunur.
Şindan qalasının artıq tərk edilmiş memarlıq obyekti olduğu vurğulanır. Qalanın təxminən 7000 fut hündürlükdə, təcrid olunmuş və qayalı zirvədə yerləşdiyi, aşağı hissəsinin qülləli möhkəm daş divarla əhatə olunduğu, həmin elementlərin zamanla dağıldığı qeyd edilir.
Yuxarı hissədə ikinci daş divarın və müxtəlif tikili xarabalıqlarının olduğu, ən yüksək nöqtədə düz daş platforma, sistern (su çəni) və uzunsov formalı tikilinin mövcud olduğu təsvir olunur. 1833-cü il təsvirində müdafiə divarlarının həmin dövrdə artıq dağılmış vəziyyətdə göstərilməsi isə yerüstü monumental qalıqların bu gün aydın görünməməsinin səbəblərini izah edir.
Abidənin adı və coğrafi mövqeyi yazılı və arxeoloji məlumatlarla birlikdə onun tarixi funksiyası barədə ilkin mülahizələrə əsas verir; tapıntıların tam şərhi və dövrü ilə bağlı qəti nəticə üçün daha geniş araşdırmaların aparılması planlaşdırılır.