Xətai rayonunun Məhəmməd Hadi küçəsində yaşayan bir qrup sakin mənzillərinin təmiri ilə bağlı yaranan çətinlikləri media ilə bölüşüb.
Şikayətçilərdən biri bildirib ki, 2025-ci ilin may ayında "IS Qrup" şirkəti ilə mənzilin təmiri üçün müqavilə imzalayıblar və işlərin 5 ay ərzində başa çatdırılaraq təhvil verilməsi nəzərdə tutulub. Müqavilədə göstərilən müddət bitməsinə baxmayaraq, təmir işləri tam yekunlaşdırılmayıb.
Digər sakin vurğulayıb ki, müqavilədə göstərilən 57 min manat məbləği tam ödəyiblər və əlavə xərcləri də nəzərə alanda şirkətə ümumilikdə 65 500 manat veriblər.
Şikayətçilər həmçinin işlərin keyfiyyətinə dair narazılıqlar da qeyd ediblər. Onların sözlərinə görə, elektrik və santexnika işlərində çatışmazlıqlar aşkar olunub və bəzi hallarda işləri özləri nəzarət edərək müdaxilə etmək məcburiyyətində qalıblar.
"IS Qrup"un rəhbəri İlyas Mehmanoğlu isə sakinlərin iddialarını təkzib edib. O, işlərin ləngiməsində əsas səbəbin sifarişçi olduğunu bildirib və konkret olaraq Ceyhun adlı vətəndaşın dəfələrlə işləri dayandırdığını, müxtəlif səbəblərlə təmir prosesinə müdaxilə etdiyini söyləyib.
Mehmanoğlu həmçinin işlərin oktyabr ayının sonuna qədər təhvil veriləcəyini bildirdiyini əlavə edib.
Hər iki tərəfin açıqlamaları təqdim olunub, məsələ isə hələlik razılaşdırılmamış qalır.