Medianın İnkişafı Agentliyi 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin hüquqi tənzimlənməsi, istifadə vərdişləri və platformaların cəmiyyətə təsirlərinə dair ictimai rəy sorğusu keçirib.

Sorğunun nəticələrinə əsasən, iştirak edənlərin 88,2%-i 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəklədiyini bildirib. Xüsusilə 16 yaşdan aşağı uşaqları olan respondentlər arasında bu göstərici 91,2% səviyyəsindədir və onların 67,9%-i uşaqlarının sosial şəbəkələrdən istifadə etdiyini qeyd edib.

İştirakçıların 87,5%-i hesab edir ki, uşaqların sosial şəbəkələrdən istifadəsi təhsil və tərbiyə prosesinə mənfi təsir göstərir. Respondentlərin 93,1%-i sosial şəbəkə platformalarının dövlət tərəfindən tənzimlənməsini məqsədəuyğun sayır.

Sorğuya görə, respondentlərin əksəriyyəti — 81,8% — informasiyanı sosial şəbəkələrdən əldə edir. Digər məlumat mənbələri arasında televiziya 55,9%, xəbər saytları 48,8%, ailə və yaxın ətraf 37,9%, radio 5,8%, xarici media 4,8% və qəzet-jurnallar 2,8% yer alıb. Gənclər arasında sosial şəbəkələrdən məlumat alanların payı 94,1% təşkil edir.

İctimai etimada görə, ən çox güvənilən mənbə televiziya olub (64,6%), onu xəbər saytları (43,0%), sosial şəbəkələr (31,4%), radio (20,2%) və qəzetlər (9,6%) izləyib. Sorğu iştirakçılarının yarısı sosial şəbəkələrdə rastlaşdıqları məlumatların doğruluğunu sistemli şəkildə yoxlamadığını bildirib.

Sorğu 25 iyul — 2 avqust 2026-cı il tarixlərində üzbəüz müsahibə üsulu ilə keçirilib və 18 yaşdan yuxarı 1200 respondent iştirak edib. Respondentlərin cins, yaş qrupları və iqtisadi rayonlar üzrə bölgüsü rəsmi statistik göstəricilərə uyğunlaşdırılıb və əhali üzrə reprezentativlik təmin edilib; xəta əmsalı ±3 faiz təşkil edir.

Nəticələr ölkədə 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılmasına dair tədbirlərin geniş ictimai dəstəyə malik olduğunu göstərir və respondentlər risklərin yalnız ailə və ya fərdi nəzarətlə tam aradan qaldırıla bilməyəcəyini bildirirlər.