Son dövrlərdə sosial şəbəkələrdə milli və etnik əsaslı dezinformasiya, nifrət nitqi və informasiya təxribatlarının yayılması artıb. Bu tendensiya göstərir ki, bu cür halların qarşısını almaq yalnız dövlət qurumlarının işi deyil, həm də vətəndaş cəmiyyəti və etnik‑dini icmaların birgə fəaliyyətini tələb edir.

“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin həyata keçirdiyi “Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək” layihəsinin qonaqları sosial platformalarda milli‑etnik təhlükəsizliyin qorunması yollarını müzakirə ediblər.

Şair və tərcüməçi Giya Paçxataşvili virtual məkanda yayılan saxta məlumatların cəmiyyətdə qarşıdurma yaratmağa xidmət etdiyini bildirib. O vurğulayıb ki, media qurumları, vətəndaş cəmiyyəti institutları və fərdi istifadəçilər məsuliyyətli olmalı, məlumatları etibarlı mənbələrdən yoxlamalı və nifrətə qarşı maarifləndirməni gücləndirməlidirlər.

Paçxataşvili gənclərə və müxtəlif etnik, dini mənsubiyyətlərə malik insanlara müraciət edərək Azərbaycanın tolerantlıq ənənələrinin qorunmasının hər kəsin vəzifəsi olduğunu qeyd edib. Onun fikrincə, qarşılıqlı hörmət, dialoq və həmrəylik sosial platformalarda milli‑etnik təhlükəsizliyin əsas prinsipləridir.

Azərbaycan‑Avar İctimai Birliyinin sədr müavini Elşad Qoqayev isə internetin mədəni irsin təqdimatı və xalqlar arasında anlaşmanı möhkəmləndirmək üçün geniş imkanlar yaratdığını söyləyib. Eyni zamanda o, bu platformaların dezinformasiya və nifrət çağırışlarının yayılması üçün də istifadə edildiyini diqqətə çatdırıb.

Qoqayev Azərbaycanın multikultural modelinin informasiya təxribatlarına qarşı möhkəm zəmin formalaşdırdığını, qarşılıqlı etimadın bu cəhdlərin qarşısını almaqda mühüm rol oynadığını qeyd edib. O bildirib ki, informasiya təhlükəsizliyi istiqamətində davamlı maarifləndirmə, media savadlılığının artırılması və rəqəmsal risklər barədə məlumatlandırma vacibdir.

O, həmçinin rəqəmsal platformaların saxta məlumat və ayrı‑seçkilik çağırışlarının qarşısını almaq üçün daha effektiv mexanizmlər tətbiq etməli, istifadəçilərin isə paylaşdıqları informasiyanın doğruluğunu yoxlamalı olduqlarını vurğulayıb.

Azərbaycan Alban‑Udi Xristian İcmasının sədri Robert Mobili udi xalqının tarixi, dini və mədəni irsi ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi saxta iddiaların yaratdığı təhlükələrə diqqət çəkib. O, etnik qarşıdurma çağırışlarının qarşısını almanın milli‑etnik təhlükəsizliyin əsas hissələrindən olduğunu bildirib.

Mobili gənclərin media savadlılığının artırılmasının, dezinformasiyanın vaxtında aşkarlanmasının və etibarlı mənbələrə istinad edilməsinin vacibliyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu məsuliyyət jurnalistlərin, media qurumlarının və vətəndaş cəmiyyətinin üzərinə düşür.

Xaçmaz rayonundan olan cek icmasının nümayəndəsi Məlik Bağırov internet və sosial şəbəkələrin etnomədəni irsin təbliği üçün böyük imkanlar yaratdığını söyləyib. O, eyni zamanda platformalarda yayılan təxribat xarakterli məlumatların cəmiyyətdə etimadsızlıq yaratmaq və həmrəylik mühitinə zərər vurmaq məqsədi daşıdığını bildirib.

Bağırov etnik icmaların informasiya təhlükəsizliyi məsələlərinə həssas yanaşmalı, paylaşdıqları məlumatların düzgünlüyünü yoxlamalı və rəsmi, etibarlı qaynaqlara üstünlük verməli olduqlarını qeyd edib. O gənclərə diqqətli olmağı və milli‑mənəvi dəyərləri qorumağı tövsiyə edib.

Azərbaycan Yazıçılar Birliyinin multikultural məsələlər üzrə məsul şəxsi Xatirə Fərəcli isə ədəbiyyatın və yaradıcı düşüncənin informasiya müharibələri dövründə milli‑etnik təhlükəsizliyin qorunmasında əhəmiyyətli rol oynadığını vurğulayıb. Fərəcli yaradıcı ziyalıların obyektiv informasiya yaymaq, milli həmrəyliyi gücləndirmək və humanist dəyərləri təbliğ etmək kimi vəzifələri olduğunu bildirib.

Müzakirələrdə vurğulanıb ki, sosial platformalarda milli‑etnik təhlükəsizliyin təmin edilməsində inzibati nəzarət mexanizmləri ilə yanaşı media savadlılığı, obyektiv informasiya siyasəti, etnik və dini müxtəlifliyə hörmət və müxtəlif tərəflər arasında səmərəli əməkdaşlıq da vacibdir. Bu yanaşma virtual məkanda dezinformasiya və nifrət nitqinin qarşısını almağa, eləcə də Azərbaycanın multikultural dəyərlərini və ictimai sabitliyini qorumağa xidmət edir.

Qeyd: məqalə “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Qeyri‑Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.