Cümhuriyyət dövrü tarixçisi Dilqəm Əhməd bildirib ki, Ənvər Paşanın Kərbəla ziyarətinə dair konkret arxiv və ya etibarlı mənbə ilə qarşılaşmayıb.
O, son günlər yayılan və Ənvər Paşanın Kərbəla ziyarətini göstərdiyi iddia edilən fotonun mənbəyi və doğruluğu barədə şübhələrini ifadə edib. Bir çox izləyici də həmin fotonu əsassız hesab edib.
Tədqiqatçı qeyd edib ki, yüksək rütbəli Osmanlı zabitlərinin və dövlət xadimlərinin vilayət səviyyəsində ziyarətlər etməsi mümkündür, lakin konkret olaraq Ənvər Paşanın Kərbəlanı ziyarət etdiyi barədə dəqiq nəticə çıxarmaq çətindir.
Kərbəlanın yerləşdiyi ərazinin o dövrdə Bəsrə vilayəti kimi Osmanlı idarəsi altında olduğunu xatırladan Dilqəm Əhməd ərazi daxilində tez-tez ərəb qəbilələrinin üsyanlarının baş verdiyini vurğulayıb. Bu səbəbdən vilayətlərdə yüksək rütbəli rəsmilərin hərəkətləri və səfərləri mütəmadi müşahidə olunmurdu.
O, həmçinin Osmanlı sultanlarının Həcc ziyarətinə getməməsinin bir neçə səbəbini izah edib: yolların təhlükəsizliyi, paytaxtdan uzun müddət uzaqlaşmanın dövlət üçün yaratdığı siyasi və hərbi risklər və həmin dövrdə hökmdarların Həccə getməsinin geniş yayılmaması.
Tədqiqatçının sözlərinə görə, əlavə səbəblərdən biri də Osmanlı sultanlarının İslamın xəlifəsi hesab olunması və Məkkə-Mədinənin Osmanlı imperiyasının nəzarətində olması olub, yəni bu şəhərlərin dövlət sərhədləri daxilində olması həmin səfərləri zəruri etmirdi.