Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunmuş Kamil Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə hökmü elan edilib. Hökmə əsasən, Kamil Səmədova altı il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə dələduzluq ittihamı irəli sürülüb. İttihama görə, Səmədov tamah məqsədilə zərərçəkmiş K.Qocayevanın etibarından sui-istifadə edərək onun külli miqdarda pulunu ələ keçirib.
İş materiallarında göstərilir ki, Səmədov özünü polis əməkdaşı kimi təqdim edib və geniş əlaqələrə malik olduğunu bildirərək qadında etibar yaradıb. Daha sonra o, zərərçəkəni müxtəlif biznes layihələrinə — restoran işlətmək və Azərbaycana metal idxalı ilə məşğul olmaq kimi investisiyalara — sərmayə qoymağa inandırıb və yüksək gəlir vəd edib.
Məhkəmə istintaqına görə, 2023-cü il avqustun 9-da Bakı şəhərində notariat kontorlarından birinin yaxınlığında Səmədov K.Qocayevadan 88 000 manat alıb. Bu vəsaiti vəd etdiyi bizneslərə yatırmayaraq şəxsi ehtiyacları üçün xərcləyib və nəticədə zərərçəkənə 88 000 manat maddi ziyan dəyib.
Davamında Səmədov qadının yenidən etibarından sui-istifadə edib və ona avtomobil alıb taksi fəaliyyəti üçün vəsait ayıracağını, həmin gəlirlə borcu qaytaracağını bildirib. 2024-cü ilin aprel ayında Nəsimi rayonunda K.Qocayevadan 3 000 manat alınıb, bu məbləğ də şəxsi məqsədlərə xərclənib. Beləliklə, ümumilikdə zərərçəkənə 91 000 manat ziyan vurulub.
Məhkəmə iclasında ifadə verən Səmədov özünü təqsirli bilməyib. O deyib ki, K.Qocayeva ilə münasibətləri 2023-cü ilin iyulunda TikTok sosial şəbəkəsində başlayıb. Təqsirləndirilən şəxs bildirir ki, onun hesabında polis fəaliyyəti və peşə bayramı ilə bağlı paylaşım olub, zərərçəkən həmin paylaşım altında təbrik mesajı yazıb və sonradan şəxsi mesaj vasitəsilə əlaqə yaranıb.
Səmədov iddia edib ki, K.Qocayeva Memar Əcəmi metro stansiyasının yaxınlığında yerləşən mənzili satmaq qərarına gəlib və satışdan əldə olunan vəsaitin bir hissəsi dəmir biznesinə sərmayə kimi ona verilib. O, bildirib ki, 50 000 manatın 35 000 manatını Tural adlı şəxsə verdiyini və daha sonra əlavə 15 000 manat ödədiyini, həmin əməliyyat zamanı zərərçəkən və onun rəfiqəsinin də orada olduğunu söyləyib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, avtomobil alınmasına 20 000 manat sərf edilib, daha sonra zərərçəkən əmək məzuniyyətinə çıxaraq övladları ilə rayonlara gedib. Səmədov həmçinin zərərçəkənə övladına velosiped aldığı və qızının şadlıq sarayında keçirilən tədbirlə bağlı 2 800 manatlıq hesabı ödədiyini, bu ödənişlərə dair bank çıxarışlarının onda olduğunu məhkəməyə təqdim etdiyini bildirib.
Təqsirləndirilən şəxs münasibətlərinin uzun müddət normal davam etdiyini, münasibətin noyabrın 6-dək normal olduğunu və həmin gün zərərçəkənin onun telefonunda başqa qadınla yazışmaları görərək şikayət etdiyini qeyd edib.
Məhkəmə istintaqı nəticəsində Səmədovun iki epizod üzrə K.Qocayevadan ümumilikdə 91 000 manat əldə etməsi sübuta yetirilib və barəsində hökm çıxarılıb.