Hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan "Bəniz" ləqəbli tiktoker Aybəniz Xəlilova apellyasiya şikayəti verib.

Vəkili Salman Qasımlı bildirib ki, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmırlar və müdafiə tərəfi müvəkkilin günahsız olduğunu bildirir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Aybəniz Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı isə məhkəmədən tiktoker üçün 11 il həbs cəzası tələb etmişdi.

Məhkəmə materiallarına görə, tiktoker Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunur.

Şikayətçinin iddiasında bildirilir ki, Aybəniz Xəlilova ondan mərhələli şəkildə ümumilikdə 836 min manat tələb edib. Qeyd edilir ki, tərəflər əvvəllər uzun müddət sevgili münasibətində olublar.

Məhkəmə istintaqı zamanı isə zərərçəkən tərəf tiktokerdən şikayətçi olmadığını ifadə edib.