Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Düz Cırdaxan kəndi ərazisində hərəkətdə olan "Ford" markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində qəza törədib. Nəqliyyat vasitəsi yol kənarındakı elektrik dirəyinə dəydikdən sonra ağaca çırpılıb və güclü zərbə avtomobili ciddi şəkildə deformasiyaya uğradıb.

Yararsız hala düşmüş avtomobildə sıxılmış vəziyyətdə olan sürücü, kənd sakini 25 yaşlı Fərid Tağıyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Qəza nəticəsində elektrik dirəyi də aşıb və kəndin bir hissəsində müvəqqəti olaraq elektrik enerjisinin verilişi dayandırılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşları çağırılıb. Xilasedicilər xüsusi avadanlıqların köməyi ilə avtomobildə sıxılmış vəziyyətdə olan sürücünün cansız bədənini çıxarıb.

Sürücünün meyiti məhkəmə-tibbi ekspertizanın və patoloji anatomiya birliyinin Tovuz bölməsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.