ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, Vaşinqton İrana qarşı misligörünməmiş iqtisadi müharibə və tam təcrid siyasətinə başlayır. Tramp bildirib ki, Tehran ona verilən fürsətlərdən istifadə etməyib və buna görə də indiyədək tətbiq olunmamış səviyyədə iqtisadi tədbirlər icra olunacaq.

Siyasətçi və təhlilçi İlqar Vəlizadə bildirib ki, ABŞ sanksiyaları yalnız İrana yönəlməyəcək, eyni zamanda Tehranın əməkdaşlıq etdiyi ölkə və şirkətlər də məhdudiyyətlərlə üzləşə bilər. O, xüsusilə nəqliyyat və tranzit dəhlizlərinin bu siyasətdən zərər görə biləcəyini vurğulayıb və bunun qonşu dövlətlərə də təsir göstərə biləcəyini qeyd edib.

İqtisadçı Xalid Kərimli isə qeyd edib ki, yeni məhdudiyyətlər İranın idxal-ixrac mexanizminə təsir edə, əksər hallarda bank əməliyyatlarını əhatə edə bilər. Onun sözlərinə görə, məqsəd rəsmi Tehranı iqtisadi və maliyyə baxımından sıxışdırmaqdır. Kərimli əlavə edib ki, sanksiyalar paketinin tam məzmunu açıqlanandan sonra bunun İrana və regiona necə təsir edəcəyini daha dəqiq qiymətləndirmək mümkün olacaq.