2026-cı ilin avqustunda Tufandağ buzlağında yeni sahə tədqiqatları aparılıb.

Ekspedisiyanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti əməkdaşları birlikdə həyata keçiriblər. Monitorinqlər 5–11 avqust tarixlərini əhatə edib.

Tədqiqatlar Böyük Qafqazın şimal-şərq yamacında, Qusarçayın su hövzəsində yerləşən buzlaq sahəsində aparılıb. Aparılan ölçmələr və müşahidələr Tufandağ buzlağının ekosistemində məhdud miqyaslı dəyişikliklərin qeydə alındığını göstərir.

Məlumatlara görə, bəzi yerlərdə buzlaq səthinin qalınlaşması müşahidə olunub, lakin buzlaq dilinin ötən illərlə müqayisədə geriyə çəkilməsi də qeydə alınıb. Bu hallar regionun dağlıq ərazilərinə təsir edən iqlim dəyişikliyi meyilləri ilə əlaqələndirilir.

Sözügedən monitorinqlər iqlim dəyişikliyinin təsirlərini qiymətləndirmək, potensial riskləri müəyyənləşdirmək və uyğun adaptasiya tədbirlərinin hazırlanması üçün həyata keçirilir. Nəticələr Ümumdünya Meteorologiya Təşkilatının qlobal iqlim hesabatlarında göstərilən meyllərlə də uyğunluq təşkil edir.