Kikboksinq üzrə üçqat dünya çempionu və Əməkdar idman ustası Elman Mirzəyevin dələduzluq işi üzrə zərərçəkmiş şəxs onun həbs edilməməsi və vurulmuş zərərin ödənilməməsindən narazılıq edib.
Zərərçəkmiş A.Ağayev bildirib ki, məhkəmədə E.Mirzəyevin cinayət törətməsi sübuta yetirilsə də, ona şərti cəza verilməsi və azadlıqda qalması ədalətsizdir. O, hakim Şəlalə Həsənovanın çıxardığı hökmü tənqid edib və vurulmuş zərərin nəzərə alınmadığını vurğulayıb.
İttihama görə, idmançı avtosalonda avtomobil alqı-satqısı ilə məşğul olub və A.Ağayevlə M.Əliyevə dəyərindən artıq “Range Rover” və “Bentley” markalı maşınlar gətirəcəyi barədə yalan vədlə külli miqdarda pul alıb. Mirzəyev əvvəl həbs olunsa da, sonradan ev dustaqlığına buraxılıb və Bakı Ağır Cinayətlər Məhkəməsi ona şərti cəza təyin edib.
A.Ağayev bildirib ki, məhkəmə qərarı zamanı ona vurulan zərərin ödənilməsi nəzərə alınmayıb. O, qeyd edib ki, öz adına olan nəqliyyat vasitəsi ölkədən kənarda olduğu vaxt, etibarnamə olmadan Mirzəyev tərəfindən qanunsuz şəkildə satılaraq saxta üsulla mənimsənilib. M.Əliyev isə 75 min dollar ödədiyini, lakin ona vəd edilən avtomobilin verilmədiyini iddia edir.
Zərərçəkmiş əlavə edib ki, hadisə ilə bağlı bütün müvafiq sübutları — yazışmalar, səs yazıları və digər materialları birinci instansiya məhkəməsinə təqdim edib və bəzi yazışmalarda Mirzəyevin törətdiyi əməli etiraf etdiyini göstərən məlumatlar olduğunu bildirib. Həmçinin avtomobilin satışını sənədləşdirən qurumun əməkdaşı da məhkəmədə ifadə verib.
Məsələ ilə bağlı apellyasiya şikayəti verildiyi və bu şikayətin avqustun 19-da hakim İbrahim İbrahimlinin sədrliyi ilə baxılacağı bildirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi isə qərarın iş materiallarında olan sübutlar və qüvvədəki qanunvericiliyin tələbləri əsasında qəbul edildiyini bildirib. Həm təqsirləndirilən şəxslər, həm zərərçəkən apellyasiya şikayəti verib, həm də dövlət ittihamçısı apellyasiya protesti təqdim edib.
Baş Prokurorluğun Mətbuat xidməti məlumat verib ki, 06.07.2026-cı il tarixli hökmə əsasən Rəcəb Səbuhi Vaqif oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Eyni qərarda Mirzəyev Elman Qurbanxan oğlu da 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, lakin Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək bu cəza 2 il sınaq müddəti nəzərə alınmaqla şərti hesab edilib.
Məhkəmə zamanı dövlət ittihamçısı Rəcəb Səbuhi Vaqif oğlu üçün 10 il, Mirzəyev üçün isə 8 il 6 ay həbs cəzası tələb etmişdi. Dövlət ittihamçısının mövqeyinə görə, Mirzəyevə tətbiq olunan şərti cəza əvəzolunmalı olduğundan apellyasiya protesti verilib və həmin hissənin yuxarı instansiyada baxılması tələb olunub.