Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Prezident İlham Əliyevə və Azərbaycan xalqına ölkənin bərpasına göstərdikləri həmrəylik və konkret dəstək tədbirləri üçün təşəkkürünü çatdırıb.
Diplomat sosial şəbəkələrdə yazıb ki, təşəkkür ifadəsi Prezidentə İrpen şəhərinin fəxri vətəndaşı vəsiqəsi təqdim edilən görüşün yekununda səslənib.
Qusev qeyd edib ki, İrpen Şəhər Şurası 30 aprel 2026-cı il tarixində İlham Əliyevə şəhərin fəxri vətəndaşı adına layiq görülməsi haqqında qərar qəbul edib. O, bu qərarı Azərbaycan tərəfinin müharibənin ilk günlərindən başlayaraq İrpen icmasına göstərdiyi davamlı dəstəyin tanınması kimi dəyərləndirib.
Səfir vurğulayıb ki, Azərbaycan İrpenin bərpasında əsas tərəfdaşlardan birinə çevrilib və bu dəstəyin nəticəsi olaraq "Linqvist" humanitar liseyi ilə məsləhət-diaqnostika poliklinikası artıq bərpa olunub.
Qusev həmçinin gələcək planlar arasında mənzil tikintisi, idman məktəbinin və Mərkəzi Mədəniyyət Evinin yenidən qurulması, habelə müasir incəsənət mərkəzinin yaradılmasının dayandığını bildirib.
Diplomat Prezident İlham Əliyevə İrpenin fəxri vətəndaşı statusunun verilməsini həmçinin iki xalq arasındakı dərin dostluğun rəmzi sayıb.