Paytaxtın Xətai rayonunda iyul ayında qeydə alınan insident nəticəsində bir gənc inzibati qaydada həbs edilib.
Hadisə Yusif Səfərov küçəsində baş verib. Ərazidə xidmət aparan polis əməkdaşları ucadan söyüş söyəyən və ətrafdakıların rahatlığını pozan şəxsi müşahidə ediblər. Onun sakitliyə riayət etməsi tələb olunsa da, həmin şəxs polisin qanuni göstərişlərinə tabe olmayıb və davranışını davam etdirib.
Polis həmin şəxsi saxlayaraq Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində inzibati protokol tərtib edib. Saxlanılanın 2008-ci il təvəllüdlü M.Məmmədov (şərti ad) olduğu müəyyən edilib. Tərtib olunan materiallar rayon məhkəməsinə göndərilib.
M.Məmmədov ifadəsində qəbul imtahanlarında iştirak etdiyini və universitetə sənədlərini təqdim etmək üçün bir gün vaxtı qaldığını bildirib. O, 3x4 ölçülü fotoşəkilə bağlı fotostudiya axtardığını, tapa bilməyərək bir dostuna zəng etdiyini və həmin vaxt uca səslə söyüş söylədiyini qeyd edib, bağışlanma xahişi edib.
Xətai Rayon Məhkəməsi qərar verərək M.Məmmədovu 20 gün müddətinə inzibati həbs cəzasına məhkum edib.