Market rəflərindəki qiymətləri hesablamaqla bahalaşmanın reallığı daha aydın görünür. Televiziyada və gündəlik söhbətlərdə danışılan qiymət artımı, kassada şəxsi büdcə ilə üz-üzə gələndə daha qabarıq hiss olunur.

Uşaqlıqda valideynin göndərdiyi sadə alış-veriş tapşırığı zamanla kompleks maliyyə hesablamasına çevrilir. İndi səbətə qoyulan hər məhsulun qiyməti maliyyə məsuliyyəti və keçmişdə valideynlərə qoyulan tələbləri xatırladır.

Marketə girib qiymətlərə baxdıqda uşaqlıq xatirələri canlanır. O vaxt əsas məqsəd siyahıdakı məhsulları tapıb almaq idi, bir çörəyin, südün və ya yağın neçə manat olduğu çox da düşünülmürdü. Pul varsa, alınırdı.

İndi isə alış-veriş maliyyə hesabı aparılan məqamdır. Bir məhsulu səbətə salmazdan əvvəl qiymətə nəzər salırsan, ikinci məhsulu əlavə etdikdə isə hesab aparmağa başlayırsan.

Bu zaman çoxumuzun uşaq vaxtı eşitdiyi ifadələr yadımıza düşür: “Sən mənə heç nə almırsan.” və ya “Sən bunu mənə almırsan.” Bəzən uşağın valideynə dediyi, bəzən isə valideynin bu söz qarşısında çaşdığı müşahidə edilir.

Uşaq üçün belə müqayisələr ciddi görünə bilər, çünki o, başqasının ailə büdcəsini, evdə ayın sonunda hansı xərclərin qaldığını və valideynin gəlirini görmür. Sadəcə gördüklərini müqayisə edir və nəticə çıxarır.

Böyüdükcə isə həmin müqayisələrin arxasındakı məna dəyişir. Öz gəlirini qazandıqda və market səbətini özün doldurduqda valideynin əvvəllər söylədiyi bəzi sözlərin səbəbləri aydın olur: “Bu ay bunu almayacağıq”, “İndi buna ehtiyac yoxdur”, “Sonra alarıq.”

Uşaq vaxtı bunlar bəzən sadəcə “yox” kimi qəbul edilir. Yetkinlikdə isə həmin “yox”un arxasında büdcə məhdudiyyətləri, məsuliyyət, borclar, kommunal xərclər və ərzaq üçün tələb olunan məbləğlər olduğu anlaşılır.

Uşaqları bu durumda suçlamaq düzgün olmaya bilər. Onlar ailənin maliyyə yükünü daşıyacaq tərəf deyil və pulun necə qazanıldığını, necə paylandığını müəyyən yaşadək tam dərk etmirlər.

Eyni zamanda valideynlər də uşağa ailənin maddi vəziyyətini izah etməmək qərarı verə bilərlər. “Uşaqdır, nə başa düşəcək?” deyə mövzunu bağlamaq bəzən görülən addımdır. Halbuki uşağa pulun dəyərini və ehtiyacla istək arasındakı fərqi yaşına uyğun şəkildə öyrətmək gələcək üçün əhəmiyyətlidir, belə ki, hər istədiyinin alınmamasını sevgi çatışmazlığı kimi qəbul etməməlidir.

Valideyn isə uşağın istəklərini qarşılaya bilmədiyini şəxsi qınama kimi qəbul etməməlidir. Bugünkü reallıqda qiymətlərin artması, inflyasiya və ərzaq xərclərinin yüksəlməsi ailənin seçim imkanlarını məhdudlaşdırır; eyni gəlirlə əvvəlki qədər məhsul almaq mümkün olmaya bilər.

Buna görə uşağın “məni heç nə almırsan” deməsinin arxasında yalnız kapriz yox, bəzən həyatın necə işlədiyini bilməmək dayanır. Valideynin “mən sənə hər şeyi ala bilmirəm” deməsinin səbəbi isə adətən sevgisizlik yox, imkanların məhdud olmasıdır.

Kimin haqlı olduğunu müəyyən etmək çətin ola bilər: uşağı, valideyni yoxsa qiymət artımını. Əslində cavab anlaşmaqdır. Uşaq böyüdükcə ailəsinin imkanlarını öyrənməli, valideynlər isə uşağın ehtiyaclarını dinləməlidir.

Qiymətlərin yüksəldiyi dövrdə ailə daxilində pul mövzusunun müzakirəsi tabu hesab edilməməlidir. Çünki bir gün o uşaq böyüyəcək, öz maaşını alacaq və kassada ödəyəcəyi məbləği gördükdə keçmişdə dediyi sözlərin arxasında duranları özü də anlayacaq.