Son dövrlərdə rəqəmsal platformalarda, xüsusilə WhatsApp ani mesajlaşma sistemində və sosial şəbəkələrdə şəxsi məlumatların ələ keçirilməsi və vətəndaşlara qarşı kiberdələduzluq hallarının artdığı müşahidə edilir.

Araşdırmalar göstərir ki, dələduzlar sosial mühəndislik üsullarından istifadə etməklə insanların maddi vəsaitlərini ələ keçirirlər. Onların tətbiq etdiyi metodlar müxtəlifdir və aşağıdakılar daha geniş yayılıb.

Saxta yaxın profil yaradılması vasitəsilə borc tələb etmə: Kimsə dostun və ya qohumun şəklini və adını oğurlayıb saxta profil açır və həmin şəxsin adına yazaraq təcili pul xahiş edir. Mesajlarda müxtəlif bəhanələr — məsələn, xəstəxana xərci və ya təcili yardım — göstərilir və pul köçürülməsi tələb olunur.

Psixoloji təzyiq və saxta zənglər: Özünü bank və ya hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim edən şəxslər zəng edərək vətəndaşı təşvişə salırlar. Onlar adətən “adınıza qanunsuz kredit götürülüb” və ya “kartınızdan vəsait ötürülür” kimi bəyanatlar verib kart məlumatlarını və SMS ilə gələn təsdiq kodunu tələb edirlər. Xüsusilə az məlumata malik və yaşlı vətəndaşlar hədəf olur; əvvəlcə tanışlarının adından mesaj göndərilərək sonra saxta əməkdaşla əlaqə yaradılır və insanlar əlavə maliyyə əməliyyatlarına məcbur edilirlər.

Saxta investisiya və yüksək qazanc vədləri: Sosial şəbəkələrdə qısa müddətdə yüksək gəlir vəd edən elanlar yerləşdirilir. İlk olaraq kiçik məbləğ yatırılır, sonra sistemdə saxta artımlar göstərilərək daha böyük investisiya etməyə təşviq edirlər; nəticədə bütün vəsait mənimsənilir.

Fişinq hücumları: Məşhur xidmətlərin rəsmi saytına bənzər saxta keçidlər paylaşılır. Məsələn, “məhsul alınıb, ödəniş üçün linkə daxil olun” kimi mesajlarda istifadəçilər kart məlumatlarını həmin saxta səhifələrə daxil etdikdə balansları boşaldılır.

Saxta bildirişlər: Uydurma cərimə, kommunal borc və ya vergi bildirişi adı ilə göndərilən mesajlarla vətəndaşlar tələyə düşür. Belə hallarda “xahiş olunur dərhal linkdən ödəyin, əks halda avtomobiliniz götürüləcək” kimi hədələr istifadə edilir və insanlar panikada kart məlumatlarını verir.

Vətəndaşlar üçün təhlükəsizlik qaydaları

Yaxınlarınızdan gələn təcili pul xahişlərini təsdiqləyin: Tanış adından gələn müraciətə dərhal inanmayın; həmin şəxsi başqa vasitə ilə əlaqələndirərək tələbin həqiqiliyini dəqiqləşdirin.

Məxfi məlumatları paylaşmayın: Banklar, dövlət və digər rəsmi qurumlar telefon zəngi, mesaj və ya sosial şəbəkə vasitəsilə PİN, CVC/CVV və ya SMS təsdiq kodunu tələb etmir.

Şübhəli linklərə daxil olmayın: Tanımadığınız mənbələrdən gələn və ya “pulu almaq üçün keçidə daxil olun” tipli mesajlardakı linklərə klik etməyin; xidmətlərdən yalnız rəsmi tətbiq və saytlar vasitəsilə istifadə edin.

Təşvişə qapılmayın və əlaqəni kəsin: “Hesabınızdan pul çıxarılır”, “adınıza kredit götürülüb” və ya oxşar təcili zənglər aldıqda dərhal əlaqəni kəsin və iddia edilən qurumun rəsmi nömrəsi ilə əlaqə saxlayın.

Oxuculardan xahiş olunur ki, rəqəmsal məkanlarda ehtiyatlı olsunlar və şəxsi və maliyyə məlumatlarının qorunmasına xüsusi diqqət yetirsinlər.