Xaçmaz rayonunda ər-arvad arasında ailə-məişət zəminində yaranmış mübahisə cinayət işi ilə nəticələnib.
Hadisə Xaçmaz şəhərində, Dərbənd küçəsində yerləşən kirayə mənzildə qeydə alınıb. 1972-ci il təvəllüdlü Kamran ilə onun həyat yoldaşı Könül (adlar şərtidir) arasında baş verən mübahisə zamanı kişi əvvəlcə arvadına şillə və yumruqla baş nahiyəsinə zərbələr endirib, daha sonra evdə olan təxminən 70–80 santimetr uzunluğunda plastik boru ilə sol ayaq və sol qol nahiyələrinə vurub.
Kamran izahatında bildirib ki, onlar 2018-ci ildə ailə həyatı qurublar və birgə nikahdan üç övladları doğulub. O, hazırda rəsmi işlə məşğul olmadığını, fərdi əmək fəaliyyəti ilə dolandığını qeyd edib. Hadisənin baş verdiyi gün, təxminən saat 17 radələrində evdə aralarında mübahisə başladığını, mübahisənin 7–8 dəqiqə davam etdiyini və həmin vaxt yalnız özlərinin evdə olduğunu söyləyib.
Təqsirləndirilən şəxs deyib ki, mübahisə zamanı əvvəlcə arvadına şillə və yumruqla zərbələr endirib, sonra plastik borunu götürərək bədəninin müxtəlif nahiyələrinə vurmağa başlayıb. O, borunu sonradan həyətə atdığını, lakin Könülün həmin borunu məhəllədə zibil qutusuna atması səbəbindən onu təhqiqat orqanına təqdim edə bilmədiyini bildirib. Kamranın sözlərinə görə, tərəflər sonradan barışıb.
Zərərçəkmiş Könül də ifadəsində 2018-ci ildə ərilə ailə qurduğunu, üç övladı olduğunu və əvvəlcə münasibətlərin yaxşı olduğunu qeyd edib. O bildirib ki, hadisə günü telefonla qardaşı ilə danışdığı vaxt ərinin ona telefonla danışmamağı söyləyərək mübahisə yaratdığını, sonradan Kamranın üzərinə gələrək baş nahiyəsinə şillə və yumruqla bir neçə zərbə endirdiyini, daha sonra plastik boru ilə bədəninin müxtəlif nahiyələrinə vurduğunu deyib. Könül sağ tərəfi ilə divara sıxılaraq yerə oturduğunu və əlləri ilə başını qorumağa çalışdığını bildirib.
Zərərçəkmiş əlavə edib ki, Kamranın onu yenidən boru ilə vuracağından ehtiyat edərək istifadə olunan borunu küçədəki zibil qutusuna atıb və həmin qutuların hər gün boşaldıldığını, borunun orada qalmadığını qeyd edib. Münasibətlərinin sonrasında pozulması ilə bağlı təsvirlərdən sonra Könül kamranla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını söyləyib.
Xaçmaz Rayon Məhkəməsi tərəflərin barışmasını nəzərə alaraq qərar verib. Hökmə əsasən, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Kamran cinayət məsuliyyətindən azad edilib və onun barəsindəki cinayət işi icraata bəraətverici əsaslar olmadan xitam verilib.