Xankəndidə Kərkicahan qəsəbəsində yerləşən “Şah əsəri” restoranının qarşısında insident qeydə alınıb.

Hadisə zamanı 23 və 22 yaşlı iki gənc restoranın önündə yüksək səslə nalayiq ifadələr işlədərək mübahisə edib. Mübahisə zamanı onlardan biri bıçaq xəsarətləri alıb.

Polis əməkdaşları hadisə yerinə müdaxilə edib, gənclərə xəbərdarlıq edərək şöbəyə dəvət etmək istəsələr də, onlar qanuni tələblərə tabe olmayıblar. Bununla əlaqədar şəxslər saxlanılaraq polis bölməsinə gətirilib və barələrində müvafiq protokollar tərtib edilib.

Məlumata görə, insident günü restoranda bir xanımın ad günü məclisi keçirilib. Həmin xanımın tanışları olan 23 və 22 yaşlı şəxslər də məclisdə iştirak edib. Təxminən gecə saat 22:00 radələrində qeyd olunan xanımın anası sərxoş vəziyyətdə olan qızını aparmaq istədiyi zaman aralarında inzibati xəta üzrə qeydiyyatda olan şəxslərlə mübahisə yaranıb və bu münaqişə restorandan kənarda davam edib.

Məhkəmə qərarı ilə 23 yaşlı şəxs 20 gün, 22 yaşlı isə 15 gün müddətinə inzibati qaydada həbs olunub.