Bu ilin iyul ayında paytaxtın Xətai rayonunda baş verən hadisə polisin diqqətini çəkib.

Yusif Səfərov küçəsində yüksək səslə söyüş söyərək ətrafdakıların narahatlığına səbəb olan gənc ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sakitliyə riayət etməsi xahiş edilsə də, davranışı xuliqanlıq xarakterli sayılıb və polisin qanuni tələbinə tabe olmayıb.

Saxlanılan şəxsin 2008-ci il təvəllüdlü M.Məmmədov olduğu müəyyən edilib. Onun barəsində Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində inzibati protokol tərtib olunub və materiallar məhkəməyə göndərilib.

M.Məmmədov ifadəsində qəbul imtahanlarında iştirak etdiyini və sənədlərini universitetə təqdim etməyə hazırlaşdığını bildirib: “Universitetə sənədlərimi təqdim etmək üçün 1 günüm qalmışdı və 3*4 ölçüdə foto çəkdirməli idim. Bu məqsədlə Yusif Səfərov küçəsində fotostudiya axtarırdım. Lakin tapa bilmədim və məni oraya yönləndirən dostuma zəng etdim. Həmin vaxt uca səslə söyüş söymüşəm. Sənədləri təqdim etmək üçün 1 gün vaxtım var, xahiş edirəm məni bağışlayasınız”.

Xətai Rayon Məhkəməsi M.Məmmədovu inzibati qaydada 20 gün müddətinə həbs edib.