Paytaxtın Xətai rayonundakı 8 Noyabr prospektində nəqliyyatın sıx olduğu saatlarda bəzi yeniyetmələrin təhlükəli hərəkətlər etdiyi görüntülər yayımlanıb.
Videolarda iki yeniyetmənin avtomobil yoluna çıxıb qaçaraq gimnastik hərəkətlər etdikləri görünür. Kadrları kənardan çəkən şəxs həmin görüntüləri sosial şəbəkələrdə paylaşıb.
Bu hallar tənqid edilib; belə davranışların həm həmin şəxslər, həm də digər yol iştirakçıları üçün ciddi təhlükə yaratdığı vurğulanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, paytaxtda nəqliyyat axınının intensiv olduğu yolda təhlükəli davranışlara yol verən azyaşlılar müəyyən edilib. Hər iki yeniyetmənin valideynləri Xətai Rayon Polis İdarəsinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb.
Polis valideynlərə yol hərəkəti qaydalarına və təhlükəsizliyə riayət etməyin vacibliyini izah edib, həmçinin uşaqların həyat və sağlamlığının qorunması, təhlükəli davranışlardan çəkindirilməsi və bu tip halların təkrarlanmaması məqsədilə maarifləndirmə işləri görüldüyünü bildirib. Valideynlərin övladlarının hərəkətlərinə nəzarəti artırmaları tövsiyə olunub.