Xətai rayonunun Məhəmməd Hadi küçəsi 58A ünvanında, “Səfalı” MTK-yə aid çoxmərtəbəli yaşayış binalarının arasında yerləşən obyekt ətrafında narazılıq yaranıb.

Sakinlər qeyd edirlər ki, həmin ərazidə fəaliyyət göstərən obyekt “Bazarstore” mağazasına məxsusdur və onun yaşayış binaları arasında yerləşməsi fövqəladə hallar zamanı risklər yarada bilər.

Məsələn, yerli sakinlərin fikrincə, yanğın baş verdiyi halda yanğınsöndürmə və digər xüsusi texnikanın binaya daxil olması çətinləşə və ya mümkünsüz ola bilər. Bu səbəbdən onlar aidiyyəti qurumlardan vəziyyətin araşdırılmasını və tədbir görülməsini tələb ediblər.

“Səfalı Ticarət Mərkəzi” ASC ilə əlaqə saxlamaq mümkün olmayıb; şirkətin rəsmi internet səhifəsi və əlaqə nömrəsi yoxdur. “Bazarstore” isə məsələ ilə bağlı münasibət bildirməyib.

Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ həmin qurumun səlahiyyətlərinə daxil deyil.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 2019-cu il 19 fevral tarixli prezident fərmanına uyğun olaraq “Səfalı Ticarət Mərkəzi” ASC tərəfindən 30 dekabr 2019-cu ildə inşa edilmiş 4 girişli 12 və 16 mərtəbəli yaşayış binalarının istismarına icazə aktı rəsmiləşdirilib.

Nazirlik əlavə edib ki, həmin ünvanda Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aprel 2026-cı ildə keçirilən son yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Aşkarlanan pozuntularla əlaqədar binanın yanğın təhlükəsizliyinə cavabdeh şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə bildirir ki, sözügedən yaşayış kompleksi üzrə layihə sənədləri Komitə tərəfindən razılaşdırılmayıb. Komitənin açıqlamasında qeyd olunub ki, layihə sənədlərinin razılaşdırılması və tikintiyə icazələrin verilməsi ilə bağlı səlahiyyətlər həmin obyektin inşası həyata keçirilən dövrdə aidiyyəti icra hakimiyyəti orqanına həvalə edilmişdi.

Qurum yönləndirmə olaraq, layihə sənədlərinin razılaşdırılması, tikintiyə icazələrin verilməsi və obyektin normativ tələblərə uyğunluğu ilə bağlı o dövrdə səlahiyyət sahib olan icra hakimiyyəti orqanına müraciət etməyi tövsiyə edib.

Qeyd olunur ki, “Səfalı” MTK ilə bağlı daha əvvəl mediada tikinti qaydalarına əməl edilməməsi, işçilərin əmək hüquqlarının pozulması, əmək müqaviləsi olmadan işə cəlb edilməsi və vergi pozuntuları barədə iddialar yer alıb. Bu ilin fevral ayında isə “Səfalı” MTK-dan mənzil alan sakinlərin binanın idarə olunması ilə bağlı şikayətləri barədə məlumatlar yayılmışdı.