Xırdalan şəhərinin Şərq küçəsində asfalt örtüyünün uzun müddətdir pis vəziyyətdə olması sakinlər arasında şikayətlərə yol açıb.

Küçənin asfaltı illərdir istifadə üçün yararsızdır. Sakinlər bildirirlər ki, ərazidən intensiv hərəkət edən ağır tonnajlı yük maşınları yolun daha da dağılmasına səbəb olub və vəziyyət son illərdə kəskin pisləşib.

Bir sakin deyib ki, burada təxminən 20 ildir yaşayır və son 4–5 ildə yaşam şəraiti xeyli çətinləşib: "Axşam qaranlıq olur, işıqlandırma yoxdur... Yaşaya bilmirik." Sakinlər həmçinin vurğulayıblar ki, yağış yağanda küçə bataqlığa çevrilir və evdən çıxmaq- girib çıxmaq çətinləşir.

Yolun çala-çuxurlu olması nəqliyyatın hərəkətini də çətinləşdirir. Məlumata görə, tez-tez avtomobillər sıradan çıxır və bu da əlavə təmir xərclərinə yol açır.

Sakinlər problemin həllini gözlədiklərini bildirirlər və yolun, həmçinin işıqlandırmanın bərpasını, ağır tonnajlı nəqliyyatın hərəkətinin nəzarət altına alınmasını tələb edirlər.