Avqustun 18-i saat 11:00-dan vakant direktor vəzifələri üçün elektron sənəd qəbulu mərhələsinə başlanacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat verib ki, namizədlər avqustun 21-i saat 17:00-dək müvafiq link vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, xüsusi proqram təminatı üzərindən təşkil olunacaq. Müsabiqə seçim mərhələsi ilə müsahibədən ibarət olacaq.

Seçim mərhələsində təqdim edilən məlumatların və sənədlərin düzgünlüyü yoxlanılacaq; bu yoxlamanı uğurla başa vuranlar müsahibəyə dəvət olunacaqlar. Namizədlər müsahibəyə qaydalara uyğun ardıcıllıqla çağırılacaq.

Müsahibələr Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müvafiq komissiyalar tərəfindən keçiriləcək. Qiymətləndirmə zamanı liderlik və strateji idarəetmə, pedaqoji və tədris bacarıqları, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, həmçinin sosial və emosional bacarıqlar nəzərə alınacaq.

Hər bir namizəd müsabiqənin nəticələrini "Şəxsi səhifə" vasitəsilə öyrənə biləcək. Müsabiqədə uğur qazanan şəxslərlə əmək münasibətləri mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdiriləcək.