Bu ilin yanvar-iyul aylarında Azərbaycanda taksi xidmətlərindən 50,107 milyon sərnişin yararlanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə taksi sərnişinlərinin sayı 6,3% artım göstərib.
Eyni müddətdə avtobuslarla daşınan sərnişinlərin ümumi sayı 1,103 milyard təşkil edib ki, bu da illik müqayisədə 9,7% artım deməkdir.
Nəqliyyat sahəsi üzrə ekspert Raqif Raufoğlu bu artımları xidmətdə aparılan dəyişikliklərlə izah edib. Onun sözlərinə görə, həm avtobusların şəraitinin yaxşılaşdırılması, həm də marşrutların daha məntiqəuyğun təşkil edilməsi sərnişin axınına təsir edir.
Raufoğlu əlavə edib ki, taksi xidmətində həyata keçirilən islahatlar da sərnişin məmnuniyyətini yüksəldib. O, taksi sürücülərinin imtahanlardan keçməsinin, davranış qaydalarının tətbiqinin və digər yeniliklərin xidmət keyfiyyətini yaxşılaşdırdığını vurğulayıb.
Ekspert qeyd edib ki, bəzi hallarda sürücülərin qiymətlərlə bağlı etirazları qalmaqdadır, lakin buna baxmayaraq ümumi göstəricilər müsbətdir və qarşıdakı bir il ərzində rəqəmlərin daha da artacağı gözlənilir. O, həmçinin metroya alternativ rolunu oynayan digər nəqliyyat vasitələrinə tələbatın artmasının mümkün olduğunu bildirib.
Raufoğlu xidmətin keyfiyyəti yüksəldikcə və avtobuslar daha əlçatan olduqca sərnişinlərin həmin nəqliyyat növlərinə üstünlük verəcəyini bildirib və hazırkı artımın məhz bu tendensiyanı əks etdirdiyini vurğulayıb.