Bakının Yasamal rayonunda kuryerlər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.
Hadisə Zahid Xəlilov küçəsində, “Elmlər” metrostansiyasının yaxınlığında qeydə alınıb. Yerli sakinlərin bildirdiyinə görə, market şəbəkələrindən birində işləyən kuryerlər arasında əvvəlcə mübahisə yaranıb, daha sonra dava düşüb və onlardan biri digərini bıçaqlayıb.
Xəsarət alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən kuryeri saxlayaraq polis bölməsinə gətiriblər.
Erazidə yaşayanlar kuryerlər arasında münaqişələrin tez-tez baş verdiyini, bu barədə bir neçə dəfə məsul şəxslərə və market rəhbərliyinə məlumat verdiklərini qeyd ediblər.
Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.