Ukraynanın sabiq prezidenti Viktor Yuşenko Prezident İlham Əliyevlə görüş barədə məlumat verib.

Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev də iştirak edib. Yuşenko bu görüşü səmimi və məzmunlu adlandırıb.

O, Azərbaycanla olan əlaqələrinin köklərinin 1989-cu ildə Naxçıvanda Ulu Öndər Heydər Əliyevlə tanışlığı ilə başladığını xatırladıb və Prezident İlham Əliyevlə şəxsi dostluğun artıq 20 ildən artıq davam etdiyini bildirib.

Sabiq prezident iki ölkə arasında strateji tərəfdaşlığın rəsmi qeydiyyata alınmasını önəmli nailiyyət kimi qiymətləndirib. Onun sözlərinə görə, 22 may 2008-ci il tarixində Prezident İlham Əliyevin Kiyev səfəri zamanı Ukrayna ilə Azərbaycan arasında Dostluq və Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.

Yuşenko həmin sənədin ikitərəfli münasibətlərin strateji mahiyyətini müəyyən etdiyini və gələcək inkişaf üçün möhkəm əsas yaratdığını vurğulayıb.

Görüş zamanı iki ölkənin hazırkı durumu və gələcək perspektivləri, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin tərəflərin komandalarının üzərində işləməyə davam edəcəyi konkret layihələr müzakirə olunub.

Sabiq prezident Ukraynaya göstərilən davamlı dəstək, humanitar yardım və ukraynalı uşaqlara qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığını bildirib. O, həmçinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə göstərilən hörməti qeyd edib.

Yuşenko Azərbaycan və Ukrayna arasındakı strateji tərəfdaşlığın, qarşılıqlı etimadın və hörmətin gələcəkdə də birgə layihələrdə özünü göstərəcəyinə inanmasını ifadə edib.