Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova bəyan edib ki, Azərbaycanda axtarışa verilən rusiyalı jurnalistlərin verdiyi açıqlamalar Moskvanın rəsmi mövqeyini ifadə etmir.
Zaxarova vurğulayıb ki, həmin şəxslərin fikirləri Rusiya dövlət siyasəti ilə əlaqələndirilə bilməz. O bildirib ki, Rusiya-Azərbaycan münasibətləri mövcud ikitərəfli hüquqi əsaslara əsaslanmalıdır və xüsusi olaraq 22 fevral 2022-ci il tarixində Moskvada ali səviyyədə imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə əsasında inkişaf etməlidir.
Eyni zamanda Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına və terrorçuluğa açıq çağırışlar üzrə cinayət işi üzrə ibtidai istintaqın davam etdiyi bildirilib.
İstintaq çərçivəsində Rusiya vətəndaşları — "Moskva 24" telekanalının aparıcısı İvan Knyazev, siyasi məsləhətçi və media ekspert Semyon Uralov, eləcə də televiziya jurnalisti və Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində əsaslı şübhələr müəyyən edilib.
Araşdırma zamanı qeyd olunub ki, həmin şəxslər 14 iyul 2026-cı il tarixində "YouTube"də yayımlanan verilişdə Azərbaycana qarşı zorakı hərəkətlərə, ölkənin konstitusiya əsaslarının zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün pozulmasına çağırışlar ediblər. Bundan başqa, avqustun 13-də eyni platformada yayımlanan proqramda fiziki məhvetmə və ünvanlı sıradan çıxarmaq kimi fikirlər səsləndirilərək terrorçuluğa çağırışlar olduğu müəyyənləşdirilib.
Faktla bağlı Baş prokurorun qərarı ilə cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar) və 283.2.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə başlanıb. İbtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Toplanmış sübutlara əsasən Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev həmin maddələr üzrə təqsirləndirilən şəxs statusunda tanınıblar. Qeyd edilib ki, onlar Azərbaycan ərazisinin hüdudlarından kənarda olduqlarına görə barələrində axtarış elan edilib və məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.