Zimbabvedə Kariba gölündə avqustun 11-də baş verən bərə qəzasında ölənlərin sayı 80-ə çatıb.
Zimbabve Milli Polis Xidməti yayılan məlumatda əlavə cəsədlərin tapılmasından sonra ölüm sayının 80-ə yüksəldiyi bildirilib. Daha əvvəl 72 cəsədin aşkarlandığı açıqlanmışdı.
Hadisə nəticəsində axtarış-xilasetmə əməliyyatları davam edir. Bu işlərdə peşəkar xilasedicilər və yerli dənizçilər iştirak edir.
Qeyd olunur ki, qəza yaranan bərə üçün nəzərdə tutulmuş sərnişin tutumu 90 nəfər olsa da, göyərtədə təxminən 160 sərnişin olub. Hakimiyyət orqanları gəminin aşmasına həddindən artıq yüklənmə və güclü küləyin səbəb olduğunu bildirir.