Məktəbli formalarının alınması valideynlərin seçim azadlığı əsasında həyata keçirilməlidir və onları konkret satış nöqtələrinə istiqamətləndirmək qəbuledilməzdir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi valideynlərə bu məsələ ilə bağlı xəbərdarlıq edib və məlumatlandırma imkanları barədə məlumat verib.
Valideynlərə tövsiyə olunur ki, məktəbli formaları ilə bağlı suallarını övladlarının təhsil aldığı məktəblərlə, həmçinin yerli təhsil idarəetmə orqanları ilə məsləhətləşərək aydınlaşdırsınlar.
Qanunvericiliyə əsasən, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli qərarı ilə ümumi təhsil müəssisələrində tətbiq edilən geyim formalarının təsvirləri müəyyən edilib və bir məktəbdə dörd növ geyim formasından biri seçilə bilər.
Həmçinin bildirilib ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası mövcud geyim forması ilə bağlı rəsmi qərar qəbul edib və vahid geyim forması ən azı üç tədris ili müddətində dəyişdirilməyəcək.