Elm və Təhsil Nazirliyi Bakı Qızlar Universitetində təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi məsələlərinin hazırda nəzərdən keçirildiyini açıqlayıb.

Nazirlikdən bildirilib ki, aidiyyəti qərarlar qəbul edildikdən sonra bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd olunub ki, Bakı Qızlar Universitetinin institusional və proqram akkreditasiyasının yekun qiymətləndirilməsi "uyğun deyil" nəticəsi ilə yekunlaşıb və bu səbəbdən tədris fəaliyyəti dayandırılıb.

Hazırda universitetdə qeydiyyatda olan 1568 tələbənin qəbul balı, ixtisası, təhsil səviyyəsi və forması, tədris ili və dili, eləcə də dövlət sifarişi və ya ödənişli əsasla təhsil almaları nəzərə alınmaqla Bakıda yerləşən digər özəl ali təhsil müəssisələrinə köçürülməsi nəzərdə tutulur.