İspaniyalı tədqiqatçıların apardıqları araşdırmada müntəzəm qəhvə istehlakının yaşlı insanların əzələ sağlamlığının qorunmasına və yaşla əlaqədar zəifləmənin yavaşlamasına kömək edə biləcəyi göstərilib.

Araşdırma 54 elmi məqalənin nəticələrinin təhlilinə əsaslanır və qəhvənin əsas tərkib hissələri olan kofein, polifenollar və triqonellinin insan orqanizminə təsiri qiymətləndirilib.

Nəticələrə görə, bu maddələr mitoxondrilərin, yəni hüceyrələrdə enerji istehsal edən strukturların fəaliyyətinə müsbət təsir göstərə bilər. Eyni zamanda, araşdırma tərkibdəki komponentlərin iltihabi reaksiyaları və oksidləşdirici stresin azalmasına yardım etdiyini, əzələ toxumasında yağ və qlükoza mübadiləsinin tənzimlənməsinə təsir edə biləcəyini ortaya qoyub.

Statistik müşahidələr müntəzəm qəhvə içən şəxslərdə sarkopeniya və yaşlılıq zəifliyi sindromunun daha az hallarda rast gəldiyini göstərib.

Tədqiqat müəllifləri onu da vurğulayıblar ki, qəhvə əzələ kütləsinin qorunması üçün təsdiqlənmiş profilaktik vasitə hesab edilməyə hazır deyil. Onların fikrincə, qəhvənin insanlarda əzələ kütləsinə birbaşa təsirini dəqiqləşdirmək məqsədilə daha genişmiqyaslı klinik sınaqlara ehtiyac var.

Məqalədə həmçinin qeyd olunub ki, qəhvənin tərkibindəki müxtəlif maddələrin mümkün faydaları ümumilikdə hər bir fərd üçün eyni dərəcədə keçərli olmayacaq.