Bakı Slavyan Universitetində ibtidai sinif müəllimliyi və xarici dil müəllimliyi ixtisaslarına qəbul olan oğlan tələbələr üçün xüsusi daxili təqaüd proqramı nəzərdə tutulub.
Məlumatda göstərilir ki, bu proqramdan 450 ballan yuxarı nəticə göstərərək həmin ixtisaslara qəbul olmuş oğlan tələbələr yararlana biləcəklər.
Sosial şəbəkələrdə yayılan məlumat universitet daxilində və ictimaiyyətdə müzakirələrə səbəb olub; müzakirəyə qoşulanlar təqaüdün yalnız oğlan tələbələri əhatə etməsinin səbəbini anlamadıqlarını bildiriblər.
Bakı Slavyan Universitetinin açıqlamasında qeyd edilib ki, əsas məqsəd müəllimlik peşəsinin nüfuzunun artırılması, bu sahədə daha çox oğlan tələbənin cəlb edilməsi və onların pedaqoji fəaliyyətə təşviq edilməsidir.
Universitetdə ümumilikdə üç daxili təqaüd proqramı fəaliyyət göstərir. Sözügedən ixtisaslar üçün nəzərdə tutulan proqram yalnız oğlan tələbələri üçün ayrılıb.
Qız tələbələr üçün ayrıca "Regionlardan qəbul olan qızlar üçün" daxili təqaüd proqramı mövcuddur; bu proqram hədəf olaraq əvvəlki illərdə az sayda qız tələbənin qəbul olunduğu bölgələrdən yüksək göstərici ilə qəbul olan qızların dəstəklənməsini götürür.
Digər təqaüd mexanizmi isə "Yeni dövrün gəncliyi" proqramıdır. Bu proqram çərçivəsində universiteti seçərək ən yüksək bal toplayan və qəbul olan 1 tələbə təqaüd alacaq.