Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova vəfat edib. Bu barədə universitetdən təsdiqlənib.

Adilə Abbasova 3 avqust 1942-ci ildə Zəngilan rayonunun Pirçivan qəsəbəsində anadan olub. 1959-1964-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 1966-1969-cu illərdə AMEA Fizika İnstitutunda aspirant olub, 1968-1969-cu illərdə Ukrayna Elmlər Akademiyasının Yarımkeçiricilər Fizikası İnstitutuna ezam olunub. 1970-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 1987-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini alıb, 1995-ci ildə professor elmi adını qazanıb.

Karyerası müddətində AMEA Fizika İnstitutunda, Moskva şəhərində Tətbiqi Fizika Elmi-Tədqiqat İnstitutunda çalışıb. 1992-ci ildə Ali Sovetə dəvət olunaraq Elm, təhsil və mədəniyyət bölməsinin müdiri vəzifəsinə təyin olunub. 1993-cü ildən Aparatın Daimi komissiyalar katibliyində, 1994-cü ildən isə Daimi komissiyalar şöbəsində rəhbər vəzifələrdə çalışıb. 1995-2020-ci illərdə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri vəzifəsini icra edib.

Adilə Abbasova qadın problemlərinə həsr olunmuş beynəlxalq toplantılarda Azərbaycanın nümayəndəsi kimi çıxış edib. 2004-cü ildə Prezident sərəncamı ilə 2-ci dərəcəli dövlət müşaviri ixtisas dərəcəsinə layiq görülənlər siyahısına daxildir. 2007-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2020-ci ildə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.