Azərbaycanda işəgötürənlərin tələb etdiyi bacarıqlar ilə yeni məzunların və işsizlərin malik olduğu biliklər arasında ziddiyyət qalmaqdadır. Xüsusi ixtisaslar üzrə məzun sayı yüksək, real iş imkanları isə məhdud olduğundan əmək bazarında tarazlıq pozulub.

İşəgötürənlərin ən çox ehtiyac duyduğu kadrların müəyyən edilməsində çətinliklər davam edir. Eyni zamanda işsiz şəxslərin bacarıqları əmək bazarının tələblərinə cavab vermir və bu, işsizlik problemini dərinləşdirir. Ali təhsil diplomu bəzi hallarda işə qəbul üçün yetərli olmur, peşə təhsilinin inkişafı isə vəziyyətin yaxşılaşdırılmasına kömək edə bilər.

Təhsil eksperti Məzahir Məmmədli qeyd edib ki, yeni məzunlarla işəgötürənlər arasında uyğunsuzluğun aradan qaldırılması üçün müəyyən addımlar atılıb, lakin hələ kifayət etmir. O, tələbələrin istehsalat təcrübəsinin formal xarakter daşımasının aradan qaldırılmasının vacibliyini xüsusi vurğulayıb.

Ekspertin sözlərinə görə, indiyədək tələbələr təcrübə məqsədilə müəssisələrdə sadəcə müəyyən vaxt keçirir, bu prosesə ciddi nəzarət olunmurdu. İndi təcrübə keçənlərlə müqavilə bağlanmalı və müəssisənin tələblərinə uyğun olanlar işə götürülməlidir.

Məzahir Məmmədli problemin qısa zamanda tam həll olunmasının çətin olduğunu bildirir və universitetlərin əmək bazarının real ehtiyaclarına uyğun kadr hazırlamamasını əsas səbəblərdən biri sayır. Onun fikrincə, tədris proqramları əmək bazarının tələbləri nəzərə alınmaqla qurulmalı, qəbul planlarında isə ölkə və regionların kadr ehtiyacları əsas götürülməlidir.

Ekspert bəzi ixtisaslar üzrə illərdir dəyişməyən qəbul planlarının əmək bazarında kadr bolluğu yaratdığını vurğulayaraq, pedaqoji ixtisasları nümunə gətirib. Pedaqoji kadr hazırlayan müəssisələrin hər il təxminən eyni sayda tələbə qəbul etməsinin məhz bu problemlə nəticələndiyini bildirib.

Aqrar sahədə də kadr çatışmazlığının olduğunu söyləyən M. Məmmədli qeyd edib ki, dövlət dəstəyinə baxmayaraq, ixtisaslı yerli mütəxəssislərin yetişdirilməsi ilə bağlı çətinliklər qalır. O, bir çox böyük şirkətlərin aqronom, baytar və zootexnik kimi mütəxəssisləri xaricdən gətirdiyini və yerli kadrların yetərincə etimad görmədiyini vurğulayıb.

Ekspertin fikrincə, peşə təhsili əmək bazarının ehtiyaclarına daha çevik cavab verə və problemin həllində mühüm rol oynaya bilər. Peşə təhsili mərkəzlərinin sayı və imkanları artırılmalı, proqramlar mütəmadi yenilənməlidir. Belə mərkəzlərdə bir il və ya il yarım ərzində sertifikatlı mütəxəssis kimi hazırlanmaq ali təhsili dörd il bitirib işsiz qalmaqdan daha səmərəli ola bilər.

M. Məmmədli həmçinin vurğulayıb ki, bazarda əsas meyar diplom yox, konkret peşə və praktik bacarıqlardır. Buna görə də gənclər ixtisas seçərkən yalnız ali təhsil arzusu ilə kifayətlənməyib, həmin sahəyə gələcəkdə əmək bazarında tələbatın nə qədər olacağını da nəzərə almalıdırlar.

Onun yekun qənaəti belədir: universitet məzunu olmaqla yanaşı, konkret peşə və bacarıqlara malik şəxslərin hazırlanması əmək bazarının ehtiyaclarının ödənilməsi üçün prioritet olmalıdır.