Avqustun 12-də saat 15:00-dan müəllimlərin işə qəbulu üzrə müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsi başlayır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, namizədlər elektron ərizə formalarında ən çox 8 vakant yer seçə bilərlər. Vakansiyalara yerləşdirmə namizədin göstərdiyi sıra əsasında həyata keçiriləcək.
Agentlik həmçinin xəbərdarlıq edir ki, namizəd bir vakansiyaya yerləşdirildikdən sonra həmin yerdən imtina edərsə, müsabiqənin növbəti vakansiya seçimi mərhələlərində iştirak etmək hüququ itiriləcək.
Ümumi vakansiya seçimi prosesi avqustun 15-də saat 15:00-dək davam edəcək.
Bildirilib ki, avqustun 8-dən başlayan və namizədin faktiki yaşayış rayonu əsasında həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi avqustun 10-da saat 11:00-da başa çatıb.