Bir valideynin müraciətinə nazirliyin elektron xidmət platforması vasitəsilə göndərilən cavabda 143 nömrəli tam orta məktəbin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olmadığı bildirilib.
Müraciət edən valideyn qeyd edib ki, övladı əvvəlcə 143 nömrəli məktəbin rus bölməsində oxuyub, şəxsi səbəblərlə həmin şagird Mehdiabad qəsəbəsində yerləşən 1 nömrəli məktəbə köçürülüb və hazırda orada Azərbaycan bölməsində təhsil alır.
Valideynin sözlərinə görə, uşağın rus bölməsindən Azərbaycan bölməsinə keçid zamanı adaptasiya problemləri yaranıb və şagirdin tədris prosesində çətinlikləri davam edir. Buna görə də o, övladının yenidən 143 nömrəli məktəbin rus bölməsində təhsilini davam etdirməsini istəyib.
Nazirliyə ünvanlanan sorğuya verilən cavabda müraciətin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olduğu göstərilmədiyinə görə baxıla bilməyəcəyi, yerdəyişmə və tədris dilinin dəyişdirilməsi məsələləri ilə bağlı müvafiq regional təhsil idarəsinə müraciət olunmasının xahiş edildiyi bildirilib.
Eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi məlumatlarında 143 nömrəli tam orta ümumtəhsil məktəbi idarənin tabeliyində olan ümumi təhsil müəssisələri sırasında yer alır.
Beləliklə, nazirliyin elektron platforması vasitəsilə verilən cavab ilə BŞTİ-nin rəsmi təqdimatı arasında 143 nömrəli məktəbin tabeliyinə dair ziddiyyət yaranıb.
Məsələyə aydınlıq gətirilməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərilib.