2026-2027-ci tədris ili üçün rezidenturaya qəbul olunmuş şəxslər (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər.

Qanunvericiliyə uyğun olaraq, müqaviləni qəbul olunmuş şəxs özü imzalaya bilmədiyi halda, onun adından etibarnamə əsasında başqa bir şəxs imza ata bilər.

Rezident olaraq yerləşdirilmiş şəxslər müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməzlərsə, bu, onların uyğun ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Qəbul olunmuş şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçdikdən sonra 26 avqust 2026-cı il — 2 sentyabr 2026-cı il tarixləri arasında siyahıda göstərilən sənədlərin əslini qeyd olunmuş tarixdə və ünvanda şəxsən təqdim etməlidirlər.

Tələb olunan sənədlər aşağıdakılardır: Azərbaycan vətəndaşları üçün şəxsiyyət vəsiqəsi; əcnəbilər üçün pasport və ya icazə sənədi; vətəndaşlığı olmayan şəxslər üçün ölkədən çıxış üçün verilən sənədlər və ya icazə vərəqəsi; əsas ali tibb təhsili haqqında sənəd — cari ilin məzunları üçün təhsil müəssisəsinin verdiyi arayış, əvvəlki illərin məzunları üçün diplom; xarici ölkədə ali təhsil almış şəxslər üçün Elm və Təhsil Nazirliyi tərəfindən ixtisasın tanınması və ekvivalentliyi barədə sənəd; xaricdə tibb təhsili almış və diplomdan sonra ixtisaslaşma keçmiş, Azərbaycan vətəndaşı olan həkimlər üçün isə Səhiyyə Nazirliyi tərəfindən verilmiş “Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”.

Sənədlərin qəbulu ixtisas hazırlığı həyata keçirən elm-təhsil müəssisələri və klinik bazalar üzrə aşağıdakı qrafiklə təşkil edilir:

26 avqust 2026-cı il tarixində saat 10:00-dan 15:00-dək Azərbaycan Tibb Universitetində — İmtahan Mərkəzi (5-ci korpus).

27 avqust 2026-cı il tarixində saat 10:00-dan 15:00-dək İmtahan Mərkəzində (5-ci korpus) K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Mərkəzi Klinika, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Akademik M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası və Milli Onkologiya Mərkəzi nümayəndələri sənədləri qəbul edəcəklər.

28 avqust 2026-cı il tarixində saat 10:00-dan 15:00-dək İmtahan Mərkəzində (5-ci korpus) Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu və Gəncə Müalicə Diaqnostika Mərkəzi üzrə qəbul nəzərdə tutulub.

31 avqust 2026-cı il tarixində saat 10:00-dan 15:00-dək İmtahan Mərkəzində (5-ci korpus) Gəncə Şəhər Psixo-nevroloji Dispanser, Gəncə Şəhər Psixiatriya Xəstəxanası, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi, Respublika Psixiatriya Xəstəxanası, Silahlı Qüvvələrin Baş Klinik Hospitalı, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Yeni Klinika, Respublika Neyrocərrahiyyə Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu üzrə sənəd qəbulu aparılacaq.

1 sentyabr 2026-cı il tarixində saat 10:00-dan 15:00-dək sənədlər Bakı şəhəri, Müzəffər Həsənov küçəsi 35 ünvanında qəbul olunacaq.

2 sentyabr 2026-cı il tarixində saat 10:00-dan 13:00-dək sənəd qəbulu İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Hüseyn Cavid prospekti 139 ünvanında təşkil ediləcək.