Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət sabit olaraq qalır və yeni yoluxma hallarının qeydə alınmadığı bildirilib.

Səhiyyə Nazirliyi məlumatına görə, Alıuşağı kəndində qeydiyyata alınan hadisədən dərhal sonra məsul qurumlar lazımi epidemioloji və profilaktik tədbirləri həyata keçiriblər.

Aparılan araşdırmalar zamanı xəstə ilə təmasda olmuş şəxslər müəyyən edilərək tibbi nəzarətə götürülüb və onlardan laborator müayinələr üçün nümunələr alınıb. Hadisənin baş verdiyi təsərrüfatda da epidemioloji və epizootoloji yoxlamalar aparılıb.

Müşahidə və laborator analizlər göstərir ki, avqustun 15-dən sonra yeni yoluxma halı aşkarlanmayıb. Xəstəliyi müəyyən olunmuş şəxslər müvafiq tibb müəssisəsində müalicə alır, onlarla təmasda olmuş digər şəxslər isə tibbi müşahidə altındadır.

Nazirliklə birlikdə aidiyyəti orqanlar xəstəliyin yayılmasının qarşısını almaq üçün profilaktik və əks-epidemik tədbirlər həyata keçiriblər və epidemioloji vəziyyətə nəzarəti davam etdirirlər.

Qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlar, habelə onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlik hesab olunur; insandan-insana ötürülmə halları çox nadir müşahidə edilir.