Samux rayonunda qarayara ilə əlaqədar epidemioloji vəziyyət sabitdir və əhali arasında xəstəliyin yayılması müşahidə edilmir.
Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, Alıuşağı kəndində qeydə alınan hadisədən dərhal sonra əlaqədar qurumlar tərəfindən zəruri epidemioloji və profilaktik tədbirlər həyata keçirilib.
Epidemioloji araşdırmalar zamanı xəstə ilə təmasda olmuş şəxslər müəyyən edilib, onlar tibbi nəzarətə götürülüb və müvafiq laborator müayinələr aparılıb. Hadisənin baş verdiyi təsərrüfatda epizootoloji və epidemioloji yoxlamalar da icra olunub və nümunələr götürülüb.
Aparılan müşahidə və laborator tədqiqatların nəticələrinə əsasən, avqustun 15-dən bu yana yeni yoluxma halı qeydə alınmayıb. Xəstəliyə yoluxmuş şəxslər müalicə üçün tibb müəssisələrindədir, təmasda olan digər şəxslər üzərində isə profilaktik tədbirlər və tibbi nəzarət davam edir.
Hadisə ilə bağlı aidiyyəti qurumların birgə səyi nəticəsində xəstəliyin yayılmasının qarşısının alınması üçün müvafiq əks-epidemik tədbirlər görülüb.
Qarayara zoonoz xəstəlik olaraq xəstə və ya tələf olmuş heyvanlar, onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçə bilər; insandan-insana ötürülməsi isə nadir hallarda baş verir.
Səhiyyə Nazirliyi epidemioloji vəziyyətə nəzarəti davam etdirir və gərəkli tədbirlərin görülməsini təmin edir.