Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabil olaraq qalır və əhali arasında xəstəliyin yayıldığına dair göstərici müşahidə olunmur.

Səhiyyə Nazirliyinin məlumatına görə, Alıuşağı kəndində qarayara hadisəsi qeydə alındıqdan dərhal sonra aidiyyəti dövlət qurumları zəruri epidemioloji və profilaktik tədbirlər həyata keçirib.

Araşdırmalar zamanı xəstə ilə təmasda olmuş şəxslər müəyyənləşdirilərək tibbi müşahidəyə götürülüb və onlar üzərində lazım olan laborator müayinələr aparılıb. Hadisənin baş verdiyi təsərrüfatda epidemioloji və epizootoloji yoxlamalar aparılaraq laboratoriya üçün nümunələr götürülüb.

Müşahidə və laborator nəticələrinə əsasən, 15 avqust 2026-cı il tarixindən etibarən yeni yoluxma faktı qeydə alınmayıb. Xəstəliyi aşkarlanmış şəxslər müvafiq tibb müəssisəsində müalicə alır, təmasda olan digər şəxslər isə davamlı tibbi nəzarət altındadır.

Aidiyyəti qurumlar xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə profilaktik və əks-epidemik tədbirləri birgə şəkildə həyata keçirib. Hazırda rayon üzrə epidemioloji vəziyyət sabit hesab edilir.

Qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlar, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir; insandan-insana ötürülməsi nadir hallarda baş verir.