Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət sabitdir və xəstəliyin əhali arasında yayılması aşkarlanmayıb.

Hadisə Alıuşağı kəndində baş verdikdən dərhal sonra aidiyyəti dövlət qurumları tərəfindən zəruri profilaktik və epidemioloji tədbirlər həyata keçirilib.

Aparılmış araşdırmalar zamanı xəstə ilə təmasda olan şəxslər müəyyənləşdirilərək tibbi nəzarətə götürülüb və onlara lazımi laborator müayinələr tətbiq edilib. Həmçinin, həmin təsərrüfatda epizootoloji və epidemioloji yoxlamalar aparılaraq nümunələr götürülüb.

Müşahidə və laborator analizlərin nəticələrinə əsasən 15 avqust 2026-cı ildən etibarən yeni yoluxma halı qeydə alınmayıb.

Hazırda xəstəliyə yoluxmuş şəxslər müvafiq tibb müəssisələrində müalicə alır. Onlarla təmasda olmuş digər şəxslər üzrə də lazımi tibbi nəzarət və qabaqlayıcı tədbirlər görülüb və aralarında yeni yoluxma halı müəyyən edilməyib.

Hadisəyə cavab olaraq aidiyyəti qurumlarla birlikdə xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə profilaktik və əks-epidemik tədbirlər həyata keçirilib. Səhiyyə Nazirliyi epidemioloji vəziyyətə nəzarəti davam etdirir.