Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Ailə və Uşaqlara Sosial Dəstək" İctimai Birliyi "Uşaqların zərərli vərdişlərdən qorunması" adlı layihəni həyata keçirəcək.

Layihə 1 avqust–31 oktyabr 2026-cı il tarixlərini əhatə edəcək və uşaqların zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təşviqi, həmçinin risk amillərinin erkən aşkarlanması və maarifləndirmənin gücləndirilməsini məqsəd qoyur.

Təşkilatın sədri Elnurə Abuşova bildirib ki, layihə çərçivəsində məktəblilər, valideynlər, müəllimlər və gənclərlə işləyən mütəxəssislər üçün maarifləndirici tədbirlər, təlimlər və görüşlər təşkil olunacaq, eləcə də ictimai məlumatlandırma kampaniyaları aparılacaq.

Tədbirlər zamanı iştirakçılara siqaret, elektron siqaret (veyp), alkoqol, narkotik vasitələr və psixoaktiv maddələr, qumar, internet və oyun asılılığı ilə bağlı fəsadlar, onların qarşısının alınması yolları və erkən müdaxilə mexanizmləri barədə ətraflı məlumat veriləcək. Həmçinin kibertəhlükəsizlik mövzuları da müzakirə olunacaq.

Layihənin əsas hədəflərinə uşaqlar arasında sağlam həyat tərzinin formalaşdırılması, preventiv tədbirlərin genişləndirilməsi, valideyn və pedaqoqların bilik və bacarıqlarının artırılması və dövlət qurumları ilə ictimai institutlar arasında əməkdaşlığın gücləndirilməsi daxildir.

İcra prosesi zamanı layihədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, regional təhsil idarələri, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Masallı, Salyan və Neftçala rayon İcra Hakimiyyətləri, Gənclər Evləri və Mərkəzləri, Yaradıcılıq Mərkəzləri, Ombudsmanın regional nümayəndəliyi və yerli polis idarə və şöbələri tərəfdaş kimi yer alacaq.

Layihənin nəticəsində müxtəlif regionlərdə yüzlərlə uşaq, valideyn və mütəxəssis zərərli vərdişlərin profilaktikası barədə maarifləndiriləcək və sağlam, təhlükəsiz həyat tərzinin təşviqinə xidmət edən davamlı əməkdaşlıq platforması yaradılacaq.

"Ailə və Uşaqlara Sosial Dəstək" İctimai Birliyi vurğulayır ki, uşaqların zərərli vərdişlərdən müdafiəsi yalnız ailə və məktəbin deyil, bütün cəmiyyətin birgə məsuliyyətidir və layihə uşaqların sağlam inkişafı ilə təhlükəsiz gələcəyinin təminatına töhfə verəcək.