Məktəbli formalarının alınması ilə bağlı seçim valideynlərin öz ixtiyarındadır və onları müəyyən bir satış məntəqəsinə məqsədli şəkildə yönəltmək olmaz.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir ki, valideynlər bu məsələ ilə bağlı detalları övladlarının oxuduğu məktəbdən, həmçinin yerli təhsili idarəetmə orqanlarından əldə edə bilərlər.

Qaydalara görə, ümumi təhsil müəssisələrində tətbiq edilən geyim formalarının təsnifatı Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli qərarında müəyyən edilib və həmin qərara əsasən dörd növ geyim formasından biri seçilir.

Həmçinin qeyd olunur ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası mövzu ilə bağlı müvafiq qərar qəbul edib və seçilən vahid geyim forması ən azı üç tədris ili müddətində dəyişdirilməyəcək.