Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Aleksandroviç Çadayev vəzifəsindən istefa etdiyini açıqlayıb.
O, teleqram kanalı vasitəsilə nazir müşaviri postundan istefa verdiyini bildirib: “Mən Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən istefa vermək qərarına gəldim”, — deyə o bildirib.
Xatırladaq ki, avqustun 17-də Azərbaycan Baş Prokurorluğu terrorizm çağırışlarına görə üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib. Siyahıya daxil edilənlər arasında “Moskva 24” kanalının aparıcısı və jurnalist İvan Andreyeviç Knyazev; özünü siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Sergeyeviç Uralov; eləcə də televiziya jurnalisti və müxbir kimi fəaliyyət göstərən Aleksey Aleksandroviç Çadayev yer alıb.
Baş Prokurorluğun məlumatında qeyd olunur ki, bu şəxslərə qarşı Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış, ərazi bütövlüyünün pozulması, etnik nifrət və düşmənçiliyin qızışdırılması, eləcə də terrorizmə açıq çağırışlar üzrə cinayət işi üzrə ilkin istintaq aparılır.
Bu səhər Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiya səfirini çağıraraq həmin ölkə mediasında Azərbaycan xalqı və onun rəhbərliyinə qarşı son açıqlamalarla bağlı sərt etirazını bildirib.