Avqustun 19-da abituriyentlər üçün ixtisas seçimi yekunlaşıb. Təxminən 90 minə yaxın namizəd topladığı nəticəyə uyğun olaraq seçimini edib.
İndi əsas məsələ seçimin nəticələrinin açıqlanmasıdır. Hər il olduğu kimi, bu il də müxtəlif ixtisas qrupları üzrə keçid ballarında dəyişikliklərin baş verməsi proqnozlaşdırılır.
Təhsil məsələləri üzrə ekspert Elmin Nuri bildirib ki, bəzi alt qruplarda balların artımı gözlənilir. O, xüsusilə III qrupun TC (tarix-coğrafiya) alt qrupunda orta ballar üzrə rəqabətin yüksək olduğunu və keçid ballarının 90 baladək artmasının mümkündürlüyünü qeyd edib.
III qrupun DT alt qrupunda isə artımın təxminən 20 bala yaxın olacağı proqnozlaşdırılır. Ekspert vurğulayıb ki, bu göstəricilər bütün ixtisaslarda eyni səviyyədə olmayacaq, söhbət orta hesabla gözlənilən dəyişikliklərdən gedir.
I qrupun RK (riyaziyyat-kimya) alt qrupu bu il də nisbətən stabildir, lakin 150–200 bal aralığında rəqabətin ötən illə müqayisədə yüksəlməsi gözlənilir. Rİ (riyaziyyat-informatika) alt qrupunda isə aşağı ballı intervallarda — 200–300 və 300–400 ballarda — keçidlərin təxminən 40 bala qədər artacağı bildirilir.
Elmin Nuri həmçinin qeyd edib ki, 500–600 və 600–700 bal intervallarında isə müsabiqə şərtlərinin yumşalması səbəbindən balların 10–12 bala qədər aşağı düşməsi ehtimalı var. Oxşar azalma II və III qrupların yuxarı bal intervalarında da müşahidə edilə bilər: 500–600 aralığında 5–10 bal, 600–700 aralığında təxminən 10–12 bal azalma gözlənilir.
Ekspertin sözlərinə görə, ən yüksək rəqabət IV qrupda toplanıb. Bu il 600–700 bal aralığında nəticə göstərənlərin sayı 1 212 nəfərə çatıb; ötən il bu göstərici 862 nəfər olub. Bu isə o deməkdir ki, IV qrupda hətta 600 bal toplayanların da bəzi ixtisaslara qəbul olunmaq şansı zəifləyə bilər.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçiminin nəticələri növbəti həftə ərzində elan olunacaq.