Dünya üzrə təhsil sistemlərinin keyfiyyətinə görə tərtib olunan reytinqdə Azərbaycan 4,8 bal göstərərək 203 ölkə və ərazi arasında 86-cı sırada yer alıb.

Qiymətləndirməyə əsasən ən yüksək nəticə göstərən ilk beş ölkə Cənubi Koreya (1-ci), Yaponiya (2-ci), Danimarka (3-cü), Belçika (4-cü) və Sloveniya (5-ci) olaraq müəyyən edilib.

Yüksək mövqedə qərarlaşan ölkələrdə erkən uşaqlıq təhsilinin inkişafı, müəllim hazırlığının səviyyəsi və məktəb sistemlərinin əlçatanlıq və ədalət prinsiplərinə riayət edilməsi əsas üstünlüklər kimi vurğulanır.

Reytinqin son pillələrində əsasən təhsil imkanlarının məhdud olması, məktəbə çıxışın çətinliyi, savadsızlıq səviyyəsinin yüksək olması və təhsilin maliyyələşdirilməsi problemləri yaşayan ölkələr yer alıb. Ən aşağı nəticə göstərən beş ölkə Somali (203-cü), Cənubi Sudan (202-ci), Konqo (201-ci), Zambiya (200-cü) və Suriya (199-cu) olub.

Siyahı təhsil sistemlərinin ümumi keyfiyyəti, ali təhsilə çıxış imkanları və yüksək keyfiyyətli təhsil təminatı göstəricilərinə əsasən hazırlanıb. Reytinqə obyektiv statistik məlumatlarla yanaşı, qlobal sorğu nəticələri də daxil edilib.

Məlumatlar dünyanın ən yaxşı təhsil sistemləri üzrə məlumat bazası hazırlayan "World Top 20" (WT20) təşkilatının təqdim etdiyi göstəricilərə əsaslanır.

Azərbaycanın qonşu və keçmiş SSRİ ölkələri arasında reytinqdəki mövqelər belədir: Rusiya 22-ci, Türkiyə 37-ci, Qazaxıstan 43-cü, Gürcüstan 70-ci, İran 81-ci və Ermənistan 98-ci yerdə qərarlaşıb.

Daha geniş siyahıda keçmiş SSRİ və qonşu ölkələrin mövqeləri aşağıdakı şəkildə verilib: 22 — Rusiya; 25 — Latviya; 26 — Estoniya; 29 — Litva; 37 — Türkiyə; 43 — Qazaxıstan; 57 — Belarus; 63 — Özbəkistan; 64 — Qırğızıstan; 70 — Gürcüstan; 81 — İran; 86 — Azərbaycan; 87 — Tacikistan; 98 — Ermənistan; 108 — Moldova; 166 — Ukrayna; 169 — Türkmənistan.