İnci Ağasiyeva İngiltərənin nüfuzlu Oksford Universitetində Hüquq ixtisasına qəbul olunub.

İbtidai təhsilini yüksək nəticələrlə Saint John’s School-da başa vuran İnci sonra 7–11-ci sinifləri üçün nəzərdə tutulmuş Saint Anne’s Catholic School-da təhsilini davam etdirib. O, məktəbi bütün fənlər üzrə A və A* qiymətləri ilə bitirib.

Məktəbi bitirdikdən sonra İnci Barton Peveril College, Peter Symonds College və Lansdowne College-dan təkliflər alıb və təhsilini Barton Peveril College-da davam etdirməyi seçib.

Kollecdəki ilk illərindən etibarən yüksək göstəricilər nümayiş etdirən İnci Oksford və Kembric universitetlərinin Hüquq proqramları üçün təşkil olunan müxtəlif hazırlıq və təlim tədbirlərində iştirak edib.

Təhsilinin ikinci ilində keçirilən sınaq imtahanlarda ardıcıl yaxşı nəticələr göstərən İnci sentyabrda keçirilən xüsusi Hüquq imtahanında da uğur qazanıb. Onun akademik göstəriciləri İngiltərənin aparıcı universitetlərində hüquq təhsili almaq üçün geniş imkan yaradıb və nəticədə o, ölkənin beş nüfuzlu universitetindən qəbul təklifi alıb.

İnci əsas seçimləri kimi Oksford və Varvik universitetlərini müəyyənləşdirib. Dövlət qəbul imtahanlarında yüksək nəticə göstərərək və Oksfordun tələb etdiyi akademik göstəriciləri yerinə yetirərək o, üç fənn üzrə doqquz imtahanda əldə etdiyi nəticələrlə Oksfordda Hüquq ixtisasına qəbul prosesini tamamlayıb.