Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə ixtisas seçimi çərçivəsində 84 487 abituriyent və subbakalavr elektron ərizəsini təsdiqləyib.

Göstərici avqustun 19-u saat 17:35-ə olan vəziyyəti əks etdirir. Bununla yanaşı, 1 500-dən çox nəfər ixtisas seçimini edib, ərizəni yadda saxlamış, lakin hələ təsdiqləmə əməliyyatını həyata keçirməyib.

Mərkəz həmin şəxslərin “Şəxsi kabinet”lərində göstərilən mobil telefon nömrələrinə SMS xəbərdarlıq göndərildiyini bildirib. Qeyd olunub ki, qəbul müsabiqəsinə yalnız elektron ərizəsini təsdiqləyən namizədlər buraxılacaq.

Ixtisas seçimi avqustun 19-u saat 23:59-da başa çatır. Abituriyentlər bu vaxta qədər qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil etməli və ərizələrini təsdiqləməlidirlər.

Mərkəz həmçinin bildirib ki, müəyyən edilmiş müddət bitdikdən sonra bu məsələ ilə bağlı daxil olan müraciətlərə baxılmayacaq və namizədlərə ərizələrinin təsdiqlənib-təsdiqlənmədiyini şəxsi kabinetdə yoxlamaq tövsiyə olunur.