Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi başlayır.

Bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib. Qeydiyyat yalnız elektron qaydada my.gov.az portalı vasitəsilə həyata keçirilir.

Qeydiyyat müddəti 19 avqust saat 15:00-dan 31 avqust saat 18:00-dəkdir. Qəbul olunmuş şəxslər əvvəlcə mygov ID ilə portalda şəxsi kabinetlərinə daxil olmalıdırlar.

Daha sonra portaldakı "Xidmətlər" bölməsində "Qurumlar" kateqoriyasından Elm və Təhsil Nazirliyini seçmək və təqdim olunan "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətinə keçmək tələb olunur.

Məlumatda həmçinin vurğulanır ki, qeydiyyat yalnız my.gov.az platforması üzərindən aparılır. Köhnə nəsil, şəklisiz şəxsiyyət vəsiqəsi olan vətəndaşlar portala qeydiyyatdan keçməzdən əvvəl sənədlərini yeniləməlidirlər.

15 yaşına çatmamış şəxslər isə şəxsi kabinetlərini açmaq üçün "SİMA Rəqəmsal İmza"dan istifadə etməlidirlər.