Elm və Təhsil Nazirliyinin “Məktəbli avtobusları” layihəsi pilot mərhələsində dayanıb və gözlənilən nəticəni verməyib. Layihənin uğursuzluğunun əsas səbəbi sərfəli olmayan tariflərin tətbiq olunmasıdır — valideyn üçün taksi ilə gediş-gəliş daha sərfəli çıxıb.
Təhsil məsələləri üzrə ekspert İlham Əhmədov layihənin vəziyyəti ilə bağlı bildirib ki, müəyyən edilmiş qiymətlər ailələrin imkanlarını nəzərə almayıb və bunun nəticəsində layihə yayılmayıb. O, həmçinin yaxın gələcəkdə şagirdlərin nəqliyyat baxımından çətinliklərlə üzləşəcəyini vurğulayıb.
Ekspertin sözlərinə görə, valideynlər məhdud gəlirlidir və məktəb rəhbərliyi, sinif rəhbərləri və ya repetitor məsələsində prioritet seçimini etməkdə çətinlik çəkirlər. Üstəlik, metrodakı işlər və tətbiq olunan məhdudiyyətlər şəhər nəqliyyatında əlavə problemlər yaradır.
Sentyabrdan başlayaraq həm işçilər, həm tələbələr, həm də şagirdlər üçün nəqliyyat vəziyyətinin gərginləşəcəyi proqnozlaşdırılır. Bakıda növbəti bir il ərzində yerüstü nəqliyyata tələbatın artacağını, bunun isə tıxaclar və sıxlıq ilə müşayiət olunacağını ekspert qeyd edib.
Xatırladaq ki, ötən il oktyabrın 1-dən Bakı şəhərində layihənin pilot icrasına başlanmışdı. Layihənin ilk mərhələsində 8 dövlət və 3 özəl məktəb olmaqla ümumilikdə 11 təhsil müəssisəsi əhatə olunmuşdu. Layihə valideynlər tərəfindən xidmət qiymətlərinə görə tənqid olunmuşdu.