12–16 avqust 2026-cı il tarixlərində keçirilən “Viki Mingəçeviri sevir” beynəlxalq düşərgəsi yekunlaşıb. Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, "Vikimedia Azərbaycan" istifadəçi qrupunun təşkilatçılığı və “Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunub.

Beş gün davam edən düşərgənin əsas məqsədi Azərbaycan Vikimedia icmasının aktiv üzvləri ilə regional viki-icmalarını bir araya gətirmək, bilik və təcrübə mübadiləsini təmin etmək və Azərbaycan dilində Vikipediyanın məzmun və keyfiyyət göstəricilərini yüksəltmək olub. Tədbirdə həm yerli ekspertlər, həm də Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan təxminən 20 təcrübəli vikipediyaçı iştirak edib.

Proqram çərçivəsində Vikipediyanın 25 illik inkişafı, təhsildə Vikipediyanın rolu, mənbələrdən istifadənin xüsusiyyətləri və neytrallıq prinsipləri müzakirə olunub. Həmçinin Viki-layihələrdə süni intellektin tətbiqi, qadcetlərin və akademik informasiya platformalarının istifadəsi ilə bağlı təqdimatlar və təlimlər keçirilib.

Düşərgədə türkdilli dövlətlərin viki icma layihələrinin uğurlu təcrübələri və "Vikimaniya 2026 (Paris)" ilə bağlı yeniliklər də iştirakçıların diqqətinə çatdırılıb. Bu müzakirələr regional layihələrin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəlib.

Təşkil edilən editatonlar vasitəsilə Azərbaycan gəncləri, idman və Mingəçevir mövzularında 512 yeni məqalə yaradılıb və 4 000-dən çox redaktə həyata keçirilmişdir. Bu fəaliyyətlər yerli dil üzrə rəqəmsal bilik bazasının zənginləşdirilməsinə birbaşa töhfə verib.

İştirakçıların asudə vaxtı üçün kanoe və avarçəkmə mərkəzi ilə tanışlıq, praktiki kanoe sürüşləri, eləcə də "Nə? Harada? Necə?" (NHN) və "Brain Ring" intellektual yarışları təşkil edilib. Düşərgənin bağlanış mərasimində fəal iştirakçılara sertifikatlar təqdim olunub, təşkil olunan yarış və müsabiqələrin qaliblərinə isə “Azərsun Holdinq” tərəfindən hədiyyələr verilib.

Qeyd edək ki, “Azərsun Holdinq” ilə "Vikimedia Azərbaycan" arasındakı əməkdaşlıq gənclərin inkişafı və açıq bilik resurslarının genişləndirilməsinə yönəlib. Əvvəlki layihələrdən biri olan "Vikisun" çərçivəsində holdinq əməkdaşları tərəfindən hazırlanmış təxminən 5 000 məqalə Vikipediyaya yerləşdirilib. Sponsorluq bu istiqamətdə Azərbaycan dilində rəqəmsal bilik ehtiyatının artırılmasına əlavə dəstək olub.